Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov iclası açaraq vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsi ölkəmizin gələcək inkişafı üçün mühüm imkanlar yaradır. Yeni geosiyasi reallıqlar fonunda regional sülh və əməkdaşlıq perspektivlərinin genişlənməsi də bu prosesə əlavə təkan verir. Qeyd olunub ki, makroiqtisadi dayanıqlılığın gücləndirilməsi, ölkəmizin hərbi qüdrətinin yüksəldilməsi, dövlət xərclərinin səmərəliliyinin artırılması, qeyri-neft-qaz sektorunun inkişafı və sosial öhdəliklərin maliyyələşdirilməsi büdcə siyasətinin əsas prinsipləri kimi müəyyən edilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi büdcənin prioritet istiqamətlərini təşkil edir.

Arzu Paşaqızı