Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 3 noyabr 2026-cı il tarixli plenar iclasında Zəfər Günü barədə çıxışı

Hörmətli həmkarlar!

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin tarixi Zəfərinin əhəmiyyəti ildən-ilə daha dolğun şəkildə üzə çıxır. Düşünürəm ki, 44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti 4 fundamental anlayışla ifadə edilə bilər. Bunlar ədalət, dövlətçilik, hüquq və quruculuq anlayışlarıdırlar.
Ədalət anlayışı odur ki, torpaqlarımızın 30 illik işğalına son qoyulmuşdur.

8 noyabr Zəfəri dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yol açmışdır. 2023-cü ilin sentyabr ayında keçirilən 1 günlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil etmişdir. Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən kriminal xunta rejiminin varlığına son qoyulmuşdur.

Hörmətli deputatlar!

Dövlətçilik haqqında danışarkən qeyd edilməlidir ki, qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilmiş güclü dövlət quruculuğunun qanunauyğun yekunu olmuşdur. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi, diplomatik və hərbi potensial tarixi qələbədə təcəssümünü tapmışdır.

8 noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi olmuşdur.

Hörmətli həmkarlar!

BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların onilliklər boyu kağız üzərində qalmış qərarları həyata keçirilmişdir. Dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn gücü bərqərar edilmişdir. Bu isə qələbənin mahiyyətini ifadə edən hüquq anlayışıdır.

Quruculuq anlayışına gəlincə, hörmətli deputatlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa olunması, “Böyük Qayıdış” proqramının icrası qələbəmizi real məzmunla zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi azad olunmuş torpaqlarımıza həyat gətirir.

Hörmətli həmkarlar!

Böyük qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaratmışdır.
Dövlət başçısı cənab İlham Əliyevin ardıcıl səyləri regionun dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlmişdir.

Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin bütün layihələri kimi, bu layihə də uğurla başa çatdırılacaq.

Hörmətli deputatlar!

İcazə verin, Azərbaycana tarixi Zəfəri bəxş etmiş müzəffər Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımızı bildirək, onları ürəkdən təbrik edək.

Təklif edirəm, Zəfər Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq.

Hörmətli həmkarlar!

Təəssüf ki, xalqımız bu müharibədə itkilər də vermişdir. Qələbə şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına əldə edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin.
Biz qazilərimizə də möhkəm can sağlığı diləyirik.

Arzu Paşaqızı