Sahibə Qafarova TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində səfərdədir. İşgüzar səfər çərçivəsində Milli Məclisin sədri oktyabrın 20-də TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.


Çıxışında Milli Məclisin sədri 2009-cu ilin sentyabrında Bakıda birinci plenar iclasın keçirilməsindən ötən illər ərzində TÜRKPA-nın səmərəli dialoq və əməkdaşlıq platformasına çevrildiyini və beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşdığını söyləyib.
Spiker Sahibə Qafarova TÜRKPA-nın fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəli və arıdıcıl şəkildə həyata keçirildiyini bildirib. Qeyd edilib ki, TÜRKPA-nın daimi komissiyaları mühüm əlaqələndirmə mexanizmləri kimi çıxış edirlər. Milli Məclisin sədri artıq TÜRKPA çərçivəsində mühüm model qanunvericilik bazasının formalaşmaqda olduğunu vurğulayıb.
Qeyd olunub ki, birgə işin əsas istiqamətlərindən biri kimi seçki və referendumların müşahidəsi də uğurla həyata keçirilməkdədir. Bu, həm TÜRKPA-nın beynəlxalq müşahidəçilik institutu kimi rolunun və nüfuzunun güclənməsinə xidmət edir, həm də parlamentlər arasında təcrübə mübadiləsi elementi kimi çıxış edir. Spiker fürsətdən istifadə edərək, qırğız və qazax həmkarlarını uğurla keçirilmiş parlament seçkiləri və Konstitusiya referendumu münasibəti ilə təbrik edib.

Arzu Paşaqızı