Sahibə Qafarova Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

“turaninsesi.az” xəbər verir ki, söhbət zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsi və ölkəmizin AQEM-ə uğurlu sədrliyi vurğulanıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin səmimi dostluq, konstruktiv dialoq, qarşılıqlı etimad və dəstək əsasında bütün istiqamətlər üzrə ardıcıl surətdə genişləndiyi və strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub. Tərəflər əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları arasındakı dostluq münasibətlərinin, ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin rolunu xüsusilə vurğulayıblar. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də ifadə olunub.

Arzu Paşaqızı