Türkiyədən Bakıya mühüm səfər: Vilayət Eyvazovla görüş keçirildi

Türkiyənin Emniyet Genel Müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

“turaninsesi.az ” xəbər verir ki, səfər Azərbaycan və Türkiyə Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşlə bağlıdır.

Ali Fidan və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad ediblər.

Daha sonra Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Türkiyənin Emniyet Genel Müdiri Ali Fidan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vilayət Eyvazov Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Nazir iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinin və birgə fəaliyyətin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, polis əməkdaşlığı çərçivəsində keçirilən işçi görüşləri təcrübə mübadiləsinə və praktiki fəaliyyətin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.

Ali Fidan isə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, qlobal təhdidlərə və cinayətkarlığın müxtəlif növlərinə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.

Arzu Paşaqızı