Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Sentyabrın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Komitənin sədri Sadiq Qurbanov iclası açaraq komitə üzvlərinə növbəti sessiyada uğurlar arzulayıb. O, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrdə Azərbaycanın siyasi, iqtisadi, beynəlxalq həyatında mühüm əhəmiyyətli hadisələrin baş verdiyini bildirib. Komitə sədri dövlət başçımızın son aylardakı fəaliyyətinin, xüsusilə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi inkişafın yeni mərhələsinin formalaşdırılması, enerji siyasətinin şaxələndirilməsi, kənd təsərrüfatı və ətraf mühitin təhlükəsizliyinin gücləndirilməsi, beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından təqdirəlayiq olduğunu vurğulayıb. Qeyd edilib ki, ölkə başçısının keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdəki çıxışları, irəli sürdüyü təşəbbüslər Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Arzu Paşaqızı