Futbol dünyası yasdadır – Mirça Luçesku vəfat etdi

Rumıniya futbolunun əfsanəsi, ölkənin futbol üzrə milli komandasının baş məşqçisi Mirça Luçesku 81 yaşında vəfat edib.

turaninsesi.az ” xəbər verir ki, təcrübəli mütəxəssis bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Onun ölümünə səbəb kimi uzun sürən xəstəlik və yaşla bağlı yaranan fəsadlar göstərilir.

Qeyd edək ki, Mirça Luçesku 1945-ci ildə Ruminyanın paytaxtı Buxarestdə anadan olub. Futbolçu karyerası ərzində əsasən “Dinamo Buxarest” klubunda çıxış edib, 7 dəfə Rumıniya çempionu olub və milli komandanın kapitanı kimi 1970-ci il Dünya Çempionatında iştirak etmişdi.

Məşqçilik karyerasına 1979-cu ildə başlamışdı. Rumıniya millisindən sonra İtaliyanın “Piza”, “Breşiya”, “Reccana” və “İnter” klublarını çalışdırıb. Onun əsas uğurları 2000-ci illərdən etibarən Türkiyə və Ukrayna klubları ilə bağlıdır. “Qalatasaray”la UEFA Super Kubokunu (2000) qazanıb, həm “cimbom”la, həm də “Beşiktaş”la Türkiyə Super Liqasının çempionu olub.

Karyerasının ən uzun dövrü Donetsk “Şaxtyor”u ilə bağlıdır (2004–2016). Bu müddətdə o, 8 Ukrayna çempionluğu və 2009-cu ildə UEFA Kubokunu qazanıb. Daha sonra “Zenit”, Türkiyə millisi və “Dinamo Kiyev”də fəaliyyət göstərib. Luçesku karyerası ərzində Fernandinyo, Villian və Duqlas Kosta kimi oyunçuları dünya futboluna tanıdıb. Son olaraq, Rumıniya milli komandasının baş məşqçisi olub. Ümumilikdə 35-dən çox rəsmi titulla futbol tarixinin ən çox kubok qazanan məşqçiləri siyahısında ilk üçlükdə yer alır.