ABŞ-dən Türkiyə xəbərdarlığı – Bu əraziləri təcili tərk edin

ABŞ Dövlət Departamenti Cənub-Şərqi Türkiyə ilə bağlı səyahət xəbərdarlığını ən yüksək – 4-cü səviyyəyə (“Səyahət etməyin”) qaldırıb və bölgədəki diplomatik fəaliyyətlə bağlı yeni qərar qəbul edib.

turaninsesi.az ” xəbər verir ki, qərara əsasən, 9 mart 2026-cı il tarixində ABŞ hökumətinin vacib olmayan əməkdaşlarına və onların ailə üzvlərinə ehtiyat tədbiri kimi ABŞ-nin Adanadakı Baş Konsulluğunu tərk etmək tapşırılıb.

Bildirilib ki, bu addım ABŞ diplomatik missiyasının əməliyyatlarında edilən dəyişikliklər və Cənub-Şərqi Türkiyədə artan təhlükəsizlik riskləri ilə əlaqədardır.

ABŞ tərəfi qeyd edib ki, Türkiyə üzrə ümumi səyahət xəbərdarlığı 2-ci səviyyədə – “artırılmış ehtiyatlılıq” rejimində qalır. Lakin ölkənin cənub-şərq bölgəsi üçün risk səviyyəsi daha yüksək qiymətləndirilib və vətəndaşlara bu əraziyə səfər etməmək tövsiyə olunub.

Dövlət Departamenti vurğulayıb ki, ABŞ administrasiyası üçün əsas prioritet Amerika vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsidir.

Arzu Paşaqızı