Trampdan İran hərbçilərinə çağırış: “Təslim olun, əks halda ölüm…”
ABŞ prezidenti Donald Trump İran ordusu və təhlükəsizlik qüvvələrinə çağırış edərək silahı yerə qoymalarını istəyib.
“turaninsesi.az ” xəbər verir ki, Ağ Evdə keçirilən tədbir zamanı Tramp xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusu, ordu və polis əməkdaşlarına müraciət edib. O bildirib ki, bu qüvvələr ABŞ və İsrailə qarşı müharibəni davam etdirməməlidir.
Tramp İran hərbçilərinə iki seçim təklif etdiyini deyib: silahı yerə qoyub toxunulmazlıq əldə etmək və ya qarşıdurmanı davam etdirib ölüm riski ilə üzləşmək.
“Bir daha İran İnqilab Keşikçiləri Korpusunun, ordunun və polisin bütün üzvlərinə səslənirəm ki, silahı yerə qoysunlar. Onlar yalnız öldürüləcəklər. İndi İran xalqının yanında dayanmaq və ölkənizi rejimdən geri almaq vaxtıdır”, – Tramp Ağ Evdə çıxışı zamanı bildirib.
ABŞ prezidenti əlavə edib ki, silahı yerə qoyan hərbçilərə tam toxunulmazlıq veriləcək.
“Uzun illərdən sonra ölkənizi geri almaq şansınız olacaq. Toxunulmazlığı qəbul edin – biz sizə toxunulmazlıq verəcəyik. Beləliklə, siz tam təhlükəsiz olacaqsınız. Əks halda isə tamamilə qaçılmaz ölüm təhlükəsi ilə üzləşəcəksiniz. Mən bunu görmək istəmirəm, onlar da istəmirlər”, – Tramp vurğulayıb.
Qeyd edək ki, son günlər İran ətrafında hərbi gərginlik artmaqda davam edir və regionda qarşıdurmanın daha da genişlənəcəyi ilə bağlı narahatlıqlar artır.
Arzu Paşaqızı