Xameneinyə qarşı plan belə olub: ABŞ doqquz ay hazırlıq görüb

ABŞ-nin İranın ali lideri Əli Xameneinin öldürülməsi ilə əməliyyata hazırlıqları 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra başlayıb.

turaninsesi.az ” bildirir ki, bu barədə Fransanın “Intelligence Online” portalı məlumat verib.

Nəşrin məlumatına görə, ABŞ-nin “B-2” gizli bombardmançı təyyarələrinin İran obyektlərinə hücum etdiyi “Gecəyarısı çəkic” əməliyyatından sonra ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və xüsusi xidmətləri regionun kəşfiyyat əhatə dairəsini əhəmiyyətli dərəcədə artırıblar. İlkin olaraq onların əsas vəzifəsi dəyən ziyanın qiymətləndirilməsi olub.

Portal qeyd edir ki, ilkin mərhələdə ABŞ qurumları arasında gərginlik yaranıb. ABŞ Hərb Nazirliyinin Kəşfiyyatı İdarəsindən və onun yeraltı obyektlərin analizi mərkəzindən sızıntılar Prezident Donald Trampın İranın nüvə proqramının “tamamilə məhv edilməsi”nə dair açıq bəyanatları ilə ziddiyyət təşkil edirdi.

Nəticədə ABŞ xüsusi xidmətlərinin rəhbərləri Ağ Evə sonrakı addımlar üzrə versiyalar təqdim etmək məqsədilə agent və texniki kəşfiyyatın köməyi ilə Əli Xameneinin hərəkətlərini izləmək üçün nəhəng resurslar ayırıblar. Bu iş İsrail xüsusi xidmət orqanları ilə sıx əlaqələndirmə şəraitində və İran hakimiyyəti tərəfindən xarici kəşfiyyat şəbəkələrinin sıxışdırılmasına baxmayaraq aparılıb. Aylarla davam edən bu səylər fevralın 28-də İran ali liderinin iqamətgahına reydlə nəticələnib.

Bundan əlavə, qətldən bir neçə gün əvvəl MKİ aktiv şəkildə psixoloji müharibə kampaniyasına başlayıb. İdarə “X” hesabında fars dilində xüsusi videogörüntü yayımlayıb və orada potensial İran üsyançılarına ABŞ kəşfiyyatı ilə təhlükəsiz əlaqə qurmağın yolları ilə bağlı təlimatlar təklif edib.

Arzu Paşaqızı