DGK-nın general-mayor rütbəsi almış idarə rəisləri kimdir? – DOSYE

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

turaninsesi.az ” Dövlət Gömrük Komitəsinin “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi almış 2 idarə rəisinin dosyesini təqdim edir:

 Fuad Aslanov:

Fuad Mikayıl oğlu Aslanov 1979-cü ildə Bakı şəhərində anadan olub.

1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kompyuter Elmləri ixtisası üzrə təhsil alıb. ADNA-nı bitirdikdən sonra, 2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə daxil olmuş və Biznesin İdarəolunması ixtisası üzrə təhsil alıb. Eyni zamanda 2017-2019-cu illərdə ABŞ Çikaqo Universitetinin Biznesin İdarəolunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2000 – 2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında rabitə tağımının komandiri vəzifəsində xidmət edib.

1998 – 2009-cu illərdə müxtəlif şirkətlərdə proqram tərtibatçısı, verilənlər bazası inzibatçısı, İT meneceri, 2009 – 2018-ci illərdə PAŞA Bankda Texniki İşlər üzrə baş direktor müavini, Proqram Tərtibatçılığı və Dəstək direktoru və Bank Sistemlərinin İnkişafı Departamentinin direktoru, 2018 – 2020-ci illərdə Veysəloğlu şirkətlər qrupunda İnformasiya İşləri üzrə baş direktoru, 2020 – 2021-ci illərdə Dövlət Vergi Xidmətində Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi əvəzi, 2021 – 2022-ci illərdə (eManat) “Modern Group”da İnformasiya İşləri üzrə baş direktor vəzifəsində çalışıb.

2022-ci il 13 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmrinə əsasən Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Peşə fəaliyyəti ərzində İnformasiya kommunikasiya texnologiyaları və İdarəetmə sahəsində geniş təcrübəyə yiyələnib. Effektiv İT və rəqəmsal transformasiya strategiyaların formalaşdırması və idaredilməsi, prioritet məqsədlərə nail olmaq üçün texnoloji dəyişikliyin idarəedilməsi, starteji hədəflərin əlçatanlığını və əsas biznes proseslərin dayanıqlığını təmin edmək üçün müxtəlif texnoloji həllərin tətbiq edilməsi təcrübəsinə malikdir. Ödəniş sistemləri, elektron pul kisələri və mobil ödəniş sistemləri, Bank, ERP və Data Warehouse sistemləri kimi bir çox layihələrə rəhbərlik edib. 

Eyni zamanda, Strateji Planların hazırlanması, Əməliyyat səmərəliliyi və dəyərin optimallaşdırması, Rəqəmsal transformasiya, Məlumatların təhlili İT arxitekturası və Proqram təminatı, Biznesin inkişafı və İdarə edilməsi, proqram, portfolio və layihə idarəetmə, Bulud texnologiyaları sahələrində peşəkar biliklərə malikdir.

 Elmir Ramazanov:

Elmir Ramazanovun 38 yaşı var. O, 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirib.

İkinci təhsil kimi isə 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdareçilik Akademiyasının, Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub. Elmir Ramazanov 2012-ci ildən əmək fəaliyyətinə başlayıb. Onun ilk iş yeri Vergilər Nazirliyi olub. 

O, 2012-ci ildən vergi sistemində sıravi inspektor vəzifəsində fəaliyyətə başlasa da uğurlu karyeraya sahibdir. E.Ramazanov cavan yaşlarından Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

2022-ci ildə Bakı Baş Gömrük idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. 2023-cü ildən isə rəis vəzifəsinin icrasına başlayıb.