Saakaşvili: Bakı haqlı olaraq Tbilisidən narazılıq edir

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ölkənin indiki hakimiyyətini təkcə Qərb tərəfdaşları ilə deyil, həm də ən yaxın qonşuları olan Ermənistan və Azərbaycanla münasibətləri pisləşdirməkdə ittiham edib.

turaninsesi.az ” xəbər verir ki, o, “Facebook” səhifəsində yazıb:

“[Gürcüstanın baş naziri İrakli] Kobaxidze Ermənistandan gürcü QHT-lərini İrəvandan (indi gürcülərlə doludur, çünki əvvəllər Qərbin maliyyəsi ilə Gürcüstanda keçirilən konfransların hamısı İrəvana köçürülüb) qovmağı və onların hesablarını bağlamağı xahiş edir. Paşinyan hökuməti cavab verir ki, Ermənistanın xarici agentlərlə bağlı qanunu yoxdur və Gürcüstanda heç kimin azadlığını məhdudlaşdırmaq niyyətində deyil. Kobaxidze İrəvanı malların daşınmasına məhdudiyyətlə hədələyir”

Sabiq prezident qeyd edib ki, Gürcüstan tərəfi də Azərbaycan üçün problemlər yaratmağa başlayıb.

“Tbilisi artıq Azərbaycan üçün yüklərin daşınmasında problemlər yaradıb. Azərbaycan nəşrləri bunda haqlı olaraq Rusiyanın təsirini görür”, – deyən Saakaşvili “rəsmi Bakının haqlı qəzəbini” qeyd edib.

Arzu Paşaqızı