Saxlanılan icra başçısının adı hansı qalmqallarda hallanıb?
DTX-nin bu gün keçirdiyi əməliyyat zamanı saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çoxdandır ki, ictimai qınaq hədəfidir.
“turaninsesi.az ” onun fəaliyyəti ilə bağlı xeyli şikayət və iddialar mövcuddur.
İslam Rzayevin adı bir çox qalmaqalda hallanır. 2020-ci ildə icra başçısı ilə rayonun sakini, hüquqşünas Fərid Qəribovu həbs elətdirmək istəməsi onlardan yalnız biridir.
Hüquqşünasın öz “Facebook” səhifəsində icra başçısının sərvəti, oğlunun maaşına adekvat olmayan bahalı maşını, habelə rayonda əhalinin susuzluqdan əziyyət çəkməsi, torpaqlarının zəbt olunması, Balakəndə abadlaşdırmaya ayrılan büdcə vəsaitlərinin yeyintisi və s. haqda qeydlər yazıb.
İcra başçısı o zaman sadəcə iddiaları şifahi təkzib etməklə canını qurtarıb.
Daha bir nümunə 2023-cü ildə Bakı şəhər sakini Şəmsəddin Qurbanov məhkəməyə müraciətidir. O, Samir və Bəxtiyar adlı şəxslərdən qeyri-rəsmi formada mənzil aldığını və bunun müqabilində ilkin ödəniş olaraq həmin şəxslərə 12 min manat verdiyini bildirib.
Şikayətçinin sözlərinə görə, Ş.Qurbanovdan evi tərk etməsi tələb olunub. Ş. Qurbanob ona qarşı dələduzluq edənlərdən birinin – Bəxtiyar adlı şəxsin Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin kürəkəni, Samirin isə onun sürücüsü olduğunu iddia edib.
İslam Rzayev yenə mətbuata açıqlamasında iddiaların əsassız olduğunu deməklə kifayətlənib.
Bir müddət öncə sosial şəbəkələrdə yayılan xəbərə görə, Balakən Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda söyüş söyən şəxs həbs edilib.
Təffərüata görə, Balakən rayonu Mahamalar kənd sakin Anar Zamanov (ad-soyad şərti) işlə təmin olunmaq üçün icra başçısının yanına gedib. Qəbulda RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva, RİH başçısı aparatının hüquq şöbəsinin müdiri Pirdas Qardaşova, aparatın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova, Balakən rayon Suvarma sistemləri idarəsinin rəisi Ruslan Poladov və “6 saylı Regional Su kanal İdarəsinin Balakən Su kanal sahəsinin rəisi Oruc Orucov iştirak ediblər.
Balakən rayonu üzrə Məşğulluq İdarəsinin müdiri A. Zamanova bildirib ki, hələ iş üçün boş yerlər yoxdur, olanda xəbər edəcəklər. İslam Rzayev isə vətəndaşa bildirib ki, işlə təmin olunması üçün onda olan sənədləri prokurorluğa təqdim etsin.
İddiaya görə, A. Zamanov əsəbləşərək iclasda iştirak edən rəhbər şəxslərin ünvanına nalayiq ifadələr işlədib. Buna görə polis onu saxlayaraq şöbəyə aparıb.
Anar Zamanov barəsində icta başçısına və qəbulda iştirak edən vəzifəli şəxslərə qarşı kobudluq etdiyi, nalayiq ifadələr işlətdiyi, ictimai qaydanı pozduğuna üçün İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.
Arzu Paşaqızı