Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçıları ilə görüşüb

Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçıları ilə görüşüb.


Görüşdə Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarını Milli Məclisdə salamlayan Sahibə Qafarova deyib ki, təxminən 100 ölkənin milli Hakimlər Assosiasiyalarını bir araya gətirən bu təşkilat dialoq və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Bu il bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün rəmzi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. 30 il əvvəl, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq qəbul edilib.
Konstitusiyada hakimiyyət bölgüsü prinsipi təsbit olunub ki, bu prinsipə əsasən, qanunverici, icraedici və məhkəmə hakimiyyətləri qarşılıqlı əlaqədə fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Parlamentin spikeri söyləyib ki, Prezident cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə də qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir və qlobal hüquq ictimaiyyətinin Azərbaycan məhkəmə-hüquq sisteminə olan inam və etimadını əks etdirir.
Sonra spiker Sahibə Qafarova Azərbaycanın parlamentarizm tarixi haqqında məlumat verib.
Görüşdə Milli Məclisin sədri parlamentin qanunvericilik, təmsilçilik və nəzarət funksiyalarını həyata keçirdiyini qeyd edərək parlamentin əsas funksiyalarına uyğun olaraq Milli Məclisin Konstitusiya qanunlarını, eləcə də səlahiyyət dairəsinə daxil olan digər qanun və qərarları qəbul etdiyini qeyd edib. Onun sözlərinə görə, parlamentin təmsilçilik funksiyası mühüm əhəmiyyətə malikdir. Bu funksiyaya uyğun olaraq, deputatlar seçicilərinin qaldırdığı məsələləri hökumət, bələdiyyələr və digər aidiyyəti qurumlar qarşısında gündəmə gətirir, onların ehtiyac və tələblərinə uyğun həll yollarının tapılması üçün səy göstərirlər.

Arzu Paşaqızı