Rəqsanə İsmayılovanın vəkili DANIŞDI

Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“turaninsesi.az” xəbər verir ki, Rəqsanə İsmayılovanın vəkili İlqar Rüstəmov məsələ ilə bağlı “Teleqraf”ın suallarını cavablandırıb:
– Rəqsanə xanım Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunur? O özünü təqsirli bilirmi?
– Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur.
– İddia olunan dələduzluq hadisəsi nə zaman baş verib? Şikayətçilər kimlərdir?
– Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamağımız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır.
– Rəqsanə xanım ifadə verib?
– Bəli, ifadə verib və özünü təqsirli bilmədiyini söyləyib.
– Mübahisənin predmeti nədir?
– Pul məsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb.
– Rəqsanə xanım pulu nə məqsədlə alıb?
– İstintaq sirri olduğuna görə bu suallara cavab verə bilmərəm.
– Rəqsanə xanım Rusiyada yaşayırdı. Onun Azərbaycana qayıdışının barəsindəki ittihamlarla əlaqəsi varmı?
– Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil.
– Rəqsanə xanım hazırda harada saxlanılır?
– Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib.
– Bəs bununla əlaqədar apellyasiya şikayəti veriləcək?
– Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik.
– Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Rəqsanə İsmayılova ilə görüşmüsünüz? Əhvalı necədir?
– Bəli. Əladır.
– Rəqsanə xanım istintaq təcridxanasına nə zaman köçürüləcək?
– Bu, müvafiq orqanların işidir. Yəqin ki, yaxın günlərdə köçürüləcək.