Yeni “Patriot” oyunu: Trampın planı Putini çaş-baş salacaq

Trampdan Ukraynaya yeni hərbi dəstək planı: Moskvaya çata biləcək silahlar gündəmdə.
“turaninsesi.az” xəbər verir ki, ABŞ-nin prezidenti Donald Tramp iyulun 14-də Ukraynaya hərbi yardım paketinə dair yeni təşəbbüsünü açıqlamağı planlaşdırır. Məlumata görə, bu təşəbbüsə hücum silahları da daxildir. Bu barədə ABŞ-nin nüfuzlu “Axios” nəşri məlumat yayıb.
Bildirilir ki, Tramp bu gün Ağ Evdə NATO-nun yeni baş katibi Mark Rutte ilə keçirdiyi görüş zamanı Ukraynanın hərbi gücünü artırmağa yönəlmiş təklifini təqdim edəcək. Yeni planın ən diqqətçəkən məqamlarından biri isə Ukraynaya Rusiya ərazisinin dərinliklərinə, o cümlədən Moskvaya qədər çata biləcək uzaqmənzilli raketlərin verilməsi ehtimalıdır. Lakin bu məsələdə yekun qərarın verilib-verilmədiyi hələlik dəqiqləşməyib.
Tramp jurnalistlərlə söhbəti zamanı “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı da danışıb. Onun sözlərinə görə, ABŞ bu sistemləri Ukraynaya göndərəcək, lakin bu təchizat Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək:
“Biz bu sistemləri pulsuz göndərməyəcəyik. Avropa İttifaqı bunun pulunu ödəyəcək. Bu, bizim üçün bir biznesdir. Ukraynanın müdafiə ehtiyaclarını anlayırıq, ona görə də bu yardım həyata keçiriləcək”, – deyə Tramp qeyd edib.
O, eyni zamanda, Rusiya prezidenti Vladimir Putinlə bağlı narazılığını da dilə gətirib:
“Putin danışanda sülhdən söz açır, amma gecələr şəhərləri bombalayır. Bu, məni qətiyyən qane etmir,” – deyə Tramp bildirib.
Trampın sözlərinə görə, Ukraynaya göndəriləcək hərbi texnikanın hamısı yüksək texnologiyalı və müasir olacaq:
“Bu yardımın dəyəri tam şəkildə ödənəcək və biz də bunu istəyirik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI