İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Dekabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi daxil edilib.
2023-cü ilin dövlət büdcəsinin birinci və ikinci oxunuşları zamanı həm Milli Məclisin komitələrində, həm də plenar iclaslarında deputatlar tərəfindən məsələ ilə bağlı 120-dən çox çıxış edildiyini diqqətə çatdıran komitə sədri bunu parlamentdə büdcənin əraflı müzakirəsi üçün geniş dialoq mühitinin yaradılmasının göstəricisi kimi dəyərləndirib.
Tahir Mirkişili cənab Prezident İlham Əliyevin fərmanı ilə dövlət orqanlarında aparılan struktur islahatları nəticəsində Naxçıvan Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olunmasını diqqətə çatdıraraq, bu dəyişikliyin dövlət büdcəsində də əks olunmasının zərurətinə toxunub. Komitə sədri bildirib ki, yeni yaradılmış Naxçıvan Baş Gömrük İdarəsinin maliyyələşdirilməsi muxtar respublikanın büdcəsindən deyil, mərkəzləşdirilmiş xərclərdən həyata keçirildiyi üçün dövlət büdcəsində müvafiq dəyişikliklər aparılıb. Belə ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 53 milyon manatdan bir az çox olmaqla artırılıb, eyni zamanda icmal büdcənin gəlir və xərclərində isə təxminən 20 milyon manatlıq dəyişiklik edilib. Həmçinin büdcənin strukturunda və indiyədək tətbiq olunan bəzi qaydalarında da müvafiq dəyişikliklər aparılıb.
Sonra maliyyə naziri Samir Şərifov müzakirəyə təqdim edilən büdcə dəyişikliklərinin detalları barədə millət vəkillərinə məlumat verib. Nazir bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikasının gəlirlərində, ləğv olunmuş komitənin xətti ilə 53,2 milyon manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi zərurəti yaranıb. Həmçinin Naxçıvan Muxtar Respublikanın ləğv edilmiş gömrük komitəsinin bazasında yaradılmış Gömrük Baş İdarəsinin saxlanılması üçün tələb olunan 20,6 milyon manat vəsait muxtar respublikanın büdcəsinin xərclərindən azaldılaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xərclərinə proqnozlaşdırılıb.
Nazir bildirib ki, nəticə etibarilə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği artırılaraq 482,4 milyon manat təşkil edəcək. Bütün bunlara müvafiq olaraq, 2023-cü ilin dövlət büdcəsi layihəsində gəlirlər 30 773 978 min manata, büdcə xərcləri isə 33 353 278 min manata çatdırılıb. Büdcə kəsiri və icmal büdcənin gəlirləri və xərcləri isə dəyişməyərək əvvəlki səviyyədə qalıb.
“Turanın səsi ” xəbər verir ki , müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Mahir Abbaszadə, Aydın Hüseynov çıxış ediblər. Onlar qanun layihəsi haqqında fikirlərini bildiriblər, təklif olunan büdcə dəyişiklikləri və digər məsələlərlə bağı qeydlərini, suallarını səsləndiriblər.
Maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda deputatlar Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09