Vərəmlə mübarizədə müsbət təcrübəmiz dünyada örnəkdir

0

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin sağlamlığının qorunması Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq onların tibbi və dərman təminatı yaxşılaşdırılır, bu sahədə vərəmlə mübarizədə müsbət nəticələrə nail olunaraq digər dövlətlər Azərbaycan təcrübəsindən faydalanırlar.

Bu məqsədlə nazirliyin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində fəaliyyət göstərən və cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində beynəlxalq statusa malik olan Təlim mərkəzi tərəfindən xarici dövlətlərin nümayəndə heyətləri üçün mütəmadi beynəlxalq treninqlər və tanışlıq səfərləri təşkil edilir. 

Ötən dövrdə ümumilikdə 2.100-ə yaxın dinləyicinin iştirak etdiyi 150-dən artıq yerli və beynəlxalq treninq keçirilib. Beynəlxalq treninqlərdə Qərbi Avropa, Asiya, Afrika, Cənubi Amerika qitələrindən və postsovet məkanından 21 ölkənin Ədliyyə, Səhiyyə və Daxili işlər nazirliklərini, penitensiar müəssisələrin tibb xidmətlərini, qeyri-hökumət və beynəlxalq təşkilatlarını təmsil edən müxtəlif nümayəndə heyətləri iştirak edib, müsbət təcrübəmizi öyrəniblər.

Eyni zamanda Birləşmiş Krallıq, Türkiyə, Filippin, İraq, Çin, Moldova, Belarus və Orta Asiya dövlətlərinin 160-dək nümayəndələri vərəmlə mübarizə sahəsində təcrübəmizlə tanışlıq səfərlərində olublar. 

Ümumdünya Səhiyyə Təşkilatının müraciətinə əsasən bu günlərdə Bolqarıstan, Moldova, Qazaxıstan və Qırğızıstanın Ədliyyə və Səhiyyə nazirliklərinin, həbsxana, ictimai səhiyyə və qeyri-hökumət sektorunun aidiyyəti rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub, beynəlxalq treninq keçirilib.

Ədliyyə Nazirliyinin Beynəlxalq Təlim mərkəzində təşkil olunan “Qısa müddətli müalicə sxemləri dövründə həbsxanalarda vərəmə nəzarətin təkmilləşdirilməsi” mövzusunda tədris kursunda nazirliyin Tibb xidmətinin təlimçilərinin vərəmin, xüsusilə onun ağır formalarının müalicəsinə, bu sahədə ən yeni tövsiyə və yanaşmaların tətbiqinə dair və digər aktual mövzularda mühazirələri dinlənilib. Tədbirə həmçinin, beynəlxalq və yerli ekspertrlər cəlb olunub. 

Bununla yanaşı, dinləyicilər penitensiar müəssisələrdə vərəmə nəzarət üzrə fəaliyyətlə praktiki tanış olub, innovativ metodlar əsasında müayinə və müalicə tədbirlərinin təşkilinə dair təqdimatlar nümayiş etdirilib. 

Dinləyicilər vərəmlə mübarizədə Azərbaycanın təcrübəsini böyük maraqla qarşılayaraq təlimin nəzəriyyə və praktiki tanışlıq baxımından kompleks şəkildə təşkil olunmasının daha səmərəli və əhəmiyyətli olduğunu bildiriblər.

Səfər zamanı nümayəndə heyəti, həmçinin Bakının tarixi və mədəni abidələri ilə tanış olub, ölkəmizin hərtərəfli davamlı tərəqqisi, Vətən müharibəsində Böyük Qələbəsi, digər mühüm hadisələr və faktlar barədə məlumatlandırılıb.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir