Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir

0

Ölkə Prezidenti cənab İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin sağlamlığının qorunması, onlara yüksək ixtisaslı tibbi xidmətin göstərilməsi üzrə ardıcıl tədbirlər görülür, penitensiar müəssisələrdə vərəmə qarşı səmərəli mübarizə aparılır, bu xəstəliyin effektiv müalicəsinin təmin edilməsi məqsədilə ixtisaslaşdırılmış müalicə müəssisəsi fəaliyyət göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlillərinə görə, həbsxanalarda vərəmin yayılma riski 100 dəfə daha yüksəkdir. Bununla əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə səmərəli əməkdaşlıqda görülən tədbirlər nəticəsində vərəmlə mübarizədə ölkəmiz yüksək nəticələr əldə edib. 

Belə ki, penitensiar müəssisələrdə vərəmdən ölüm BQXK ilə bu sahədə məqsədyönlü fəaliyyətin başlandığı 1995-ci illə müqayisədə 150 dəfəyədək azalıb, vərəmə yoluxma halları minimuma enib. Vərəmin bütün növlərinə, o cümlədən ən ağır, dərmanlar təsir etməyən (multi rezistent) formasına düçar olan xəstə məhkumların müalicəsi üzrə dünyada ÜST-ün müəyyən etdiyi hədəfləri aşan yüksək göstəricilərə nail olunub. 

Azərbaycanın bu sahədə müsbət təcrübəsi ixstisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlərə örnək kimi tövsiyə edilərək bu gün dünyada geniş yayılır və öyrənilir, ölkəmiz elmi-praktiki konfranslara, simpoziumlara dəvət olunaraq vərəmlə mübarizə sahəsində nailiyyətlərimiz mütəmadi təşviq edilir.

Ötən dövrdə dünyanın bütün qitələrindən və postsovet məkanından 20 xarici ölkənin Ədliyyə, Səhiyyə və Daxili işlər nazirliklərini, penitensiar müəssisələrin tibb xidmətlərini, qeyri-hökumət və beynəlxalq təşkilatlarını təmsil edən müxtəlif nümayəndə heyətləri ölkəmizə səfərlər edərək müsbət təcrübəmizi öyrəniblər. 

Həmçinin, nazirliyin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən və ÜST tərəfindən verilmiş beynəlxalq statusa malik dünyada cəzaçəkmə müəssisələrində vərəm sahəsində yeganə treninq qurumu olan Beynəlxalq Təlim mərkəzində ümumilikdə 2.100-ə yaxın dinləyicinin qatıldığı 150-dən artıq yerli və beynəlxalq treninq keçirilib. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.

ÜST-ün müraciətinə əsasən bu günlərdə Ukrayna Səhiyyə Nazirliyinin, ictimai səhiyyə və qeyri-hökumət sektorunun, digər ixtisaslaşmış mülki tibb mərkəzlərinin rəhbər və məsul vəzifəli şəxslərindən ibarət geniş nümayəndə heyəti vərəmlə mübarizədə müsbət təcrübəmizi öyrənmək üçün Azərbaycana səfər ediblər.

Səfər zamanı Beynəlxalq Təlim mərkəzində nümayəndə heyəti üçün “Vərəmin müalicəsinə dair ÜST-nin yeni tövsiyələrinin tətbiqi” mövzusunda beynəlxalq tədris kursu təşkil olunub. Tədbirdə Ədliyyə Nazirliyi Tibb xidmətinin, TƏBİB-in aparıcı mütəxəssislərinin vərəmin, xüsusilə onun ağır formalarının müalicəsinə, bu sahədə ən yeni tövsiyə və yanaşmaların tətbiqinə dair və digər aktual mövzularda mühazirələri dinlənilib. Təlim kursuna beynəlxalq ekspertlər də cəlb olunub.

Bununla yanaşı, dinləyicilərin penitensiar müəssisələrdə vərəmə nəzarət üzrə görülən işlərlə praktiki tanışlığı olub, Azərbaycan təcrübəsi böyük maraqla qarşılanıb.

Nümayəndə heyəti Azərbaycanın penitensiar sistemdə vərəmlə mübarizədə qabaqcıl təcrübəsinin Ukrayna üçün əhəmiyyətini qeyd edərək səfər zamanı əldə etdikləri praktikadan öz ölkələrində bəhrələnəcəklərini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının dəvəti ilə okyabr ayının ikinci yarısında müxtəlif dövlətlərin, o cümlədən Avropadan İngiltərənin, Bolqarıstanın, Latviyanin və başqa ölkələrin penitensiar müəssisələrinin tibb işçilərindən, tibb xidmətinin rəhbər şəxslərindən və beynəlxalq təşkilatlardan ibarət geniş tərkibli növbəti nümayəndə heyəti vərəmlə mübarizədə təcrübəmizi öyrənmək məqsədilə ölkəmizə səfər edəcək və beynəlxalq təlim keçiriləcəkdir.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir