Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunub
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilir, qulluğa qəbulla bağlı seçim prosesi fasiləsiz olmaqla davamlı müsabiqələr aparılır, o cümlədən növbəti qrup namizədlərlə yenicə test imtahanı keçirilərək 74 nəfər müvəffəqiyyət qazanıb.
Bu barədə “Turanın səsi” nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Eyni zamanda, nazirlik tərəfindən Penitensiar xidmətin kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, bu sahədə xarici dövlətlərin ixtisaslaşmış təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq nazirlik üçün gənc kadrlar hazırlanır.
Ötən dövrdə ədliyyə orqanlarına 3.300 nəfərdən çox şəxs qulluğa qəbul olunub. Şəxsi heyətin təxminən yarısı gənclər, nazirliyin bir çox xidmətlərinin kadr korpusunun 70 faizə qədəri isə qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləridir. Nazirlik tərəfindən onların ədliyyənin müxtəlif sahələrində səmərəli fəaliyyət göstərmələri, layiqli dövlət qulluqçusu kimi formalaşaraq peşəkar inkişafları daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, keçən müddətdə 230-dan çox hazırlıqlı və müasir dünyagörüşlü ədliyyə işçiləri ali və digər dövlət orqanlarında məsul vəzifələrə irəli çəkiliblər, hakim adına layiq görülüblər.
Bu günlərdə nazirliyin bölgələrdəki qurumlarında vakant ştatlar üzrə davam edən müsabiqədə uğur qazanmış növbəti namizədlərin və Penitensiar xidmət üçün xarici ölkədə hazırlanmış mütəxəssislərin qulluğa qəbulu, həmin qurumun kiçik rəis heyətində çalışaraq fərqlənən bir qrup əməkdaşlarının orta rəis heyəti vəzifələrinə təyinatları aparılıb.
Böyük əksəriyyətini gənclər təşkil edən 50-ə yaxın əməkdaş ədliyyə naziri Fikrət Məmmədov tərəfindən qəbul olunub.
Gənclər əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül səbəti qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər düzülüb.
Tədbirdə çıxış edən nazir qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində gəncləri qulluğa qəbul olunmaları münasibətilə təbrik edib, 2023-cü ilin dövlət başçısı tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunduğunu, nazirlik üzrə dahi liderin zəngin irsinə, müasir hüquq sisteminin formalaşması və inkişafında müstəsna xidmətlərinə həsr olunan silsilə tədbirlərin müəyyən edildiyini vurğulayıb. Bildirib ki, hər bir ədliyyə işçisi, o cümlədən gənclər Heydər Əliyevin dövlətçilik irsini öyrənərək ondan bəhrələnməli, Ümummilli Liderin hüquq-mühafizə orqanlarının işçiləri qarşısında müəyyən etdiyi dövlətçiliyə sədaqətlə xidmət etmək, sağlam mənəviyyata, yüksək mənəvi keyfiyyətlərə malik olmaq kimi tələblərini fəaliyyətlərində daim rəhbər tutmalıdırlar.
Nazir Ulu Öndərin siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövlətinin hərtərəfli tərəqqisini, Azərbaycan gənclərinin Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək Vətən müharibəsində qazanılmış Böyük Qələbəmizi qeyd edib, onların, o cümlədən ədliyyə işçilərinin döyüşlərdə fədakar iştirakından danışıb, yeni təyinat alanlar sırasında müharibə iştirakçılarının və onların ailə üzvlərinin olmasını vurğulayıb.
Əzəli torpağımız Qarabağ və Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işlərindən, dövlət başçısının respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə bölgəyə müntəzəm səfərlər edərək gerçəkləşdirilən çoxşaxəli infrastruktur layihələrindən bəhs olunub.
Respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində aparılan islahatlara toxunan nazir gənclərin ədliyyə idarəçiliyində fəal iştirakına hər cür şərait yaradıldığını bildirib, dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, məmnunluğun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını diqqətə çatdırıb, xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirmələri, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlar verib, uğurlu fəaliyyət arzulayıb.
Çıxış edən gənclər bayram ərəfəsində qulluğa qəbul olunmalarından böyük qürur hissi keçirdiklərini bildirib, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq, ölkə Prezidentinin ətrafında sıx birləşib doğma Azərbaycanımızın çiçəklənməsi naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Qeyd ediblər ki, onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışaraq şərəfli ədliyyə işçisi adını daim uca tutacaqlar.
Yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr təqdim edilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09