Ədliyyə Nazirliyində 2023-ci ilin yekunları müzakirə olunub
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən nazirliyin kollegiya iclasında ədliyyə orqanları tərəfindən cari ildə görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə edilib.
Bu barədə “Turanın səsi” nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazir 2023-cü ilin Ümummilli Liderin 100 illiyi münasibətilə elan olunmuş “Heydər Əliyev İli” ilə əlamətdar olduğunu, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək nailiyyətlər və qələbələr qazanıldığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyini vurğulayıb. Doğma torpaqlarımızın sürətlə bərpasını, aparılan geniş quruculuq prosesinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm töhfəsini qeyd edib.
Həmçinin azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili ilə bağlı görülən işlərə toxunulub, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq öz dədə-baba yurdlarına qayıtmış əhaliyə rəqəmsal innovasiyalar tətbiq edilməklə müxtəlif elektron və səyyar xidmətlər göstərildiyi bildirilib.
Ötən ay peşə bayramı ərəfəsində dövlət təltiflərinə layiq görülmüş bir qrup ədliyyə işçilərinə Kollegiyada nazir tərəfindən bu yüksək dövlət mükafatları təntənəli təqdim edilib. Təltif olunmuş əməkdaşlar onların fəaliyyətinə verilmiş yüksək qiymətə və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
İclasda ölkə Prezidentinin qəti siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair milli fəaliyyət planlarının icrası üzrə görülən tədbirlər qeyd edilərək, bu mühüm sənədlərin vaxtında və mütəşəkkil icrasının vacibliyi vurğulanıb, növbəti il üçün aidiyyəti tədbirlər müəyyən edilib.
Cari ildə ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə görülmüş işlər təhlil edilərək məlumat verilib ki, qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik tərəfindən bu il 1.600-dək hüquqi akta dəyişiklik hazırlanıb, habelə 3.700-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Əhalinin hüquq biliklərinin artırılması məqsədilə nazirliyin apardığı, o cümlədən insanların rahatlığı və əlçatanlığı üçün mobil qaydada təqdim etdiyi milli qanunvericiliyin e-qanun.az vahid elektron resursuna cari ildə daxilolmaların sayı təxminən 50% artaraq 5 milyona çatıb.
Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 5,1 milyon notariat hərəkətinin aparıldığı, 262 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı vurğulanıb. Vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi istifadəçilərinin sayı 2 dəfə artaraq 900 minə çatıb.
Dövlət xidmətlərinin göstərilməsində nazirliyin növbəti innovativ məhsulu olan “ƏNTEZ” xidmət platforması “ASAN xidmət” və DOST mərkəzlərində, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq edilərək vətəndaşlara, o cümlədən əhalinin daha həssas təbəqəsinə, habelə səyahət edən şəxslərə vahid mənbədən və məsafədən müxtəlif ədliyyə xidmətlərinin göstərilməsi asanlaşdırılıb.
Vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək 570.000-ə yaxın sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 940 milyon manata yaxın vəsait ödətdirilib.
İclasda azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının diqqətdə saxlanılaraq hazırda 5.200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edildiyi bildirilib, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərə toxunularaq ötən ay Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleksin istifadəyə verildiyi, digər belə bir müəssisənin yaxın zamanda Lənkəranda istismara veriləcəyi qeyd olunub.
Eyni zamanda fəaliyyətin digər istiqamətləri üzrə görülmüş işlər, habelə qarşıda duran vəzifələr müzakirə olunub, növbədənkənar prezident seçkiləri ilə bağlı ədliyyə orqanlarının qanunvericiliklə üzərinə düşən vəzifələrin vaxtında və dürüst icrası tapşırılıb, nazirliyin 2024-cü il üçün fəaliyyətinin əsas prioritet istiqamətləri üzrə tədbirlər müəyyən edilib.
Ədliyyə sahəsində işin müasir çağırışlara uyğun təşkili, rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi, insan resursları ilə bağlı aparılan işin təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrası, məhkumların sosial reinteqrasiyası sahəsində əlavə tədbirlərin görülməsi, regional ədliyyə idarələrinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı və digər konkret göstərişlər verilib.
Dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı tələblərin daim rəhbər tutularaq etik davranış qaydalarına dönmədən riayət olunması vurğulanıb.
Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənədlər təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI