Ədliyyə Nazirlinin kollegiya iclası keçirilib
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin hibrid formada kollegiya iclası keçirilib.
Bu barədə “Turanın səsi” nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
İclasda dövlət başçısının 07.12.2023-cü il tarixli Sərəncamı ilə elan edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ədliyyə orqanlarının vəzifələri müzakirə olunub. Nazir seçkilərin müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisini əhatə etməklə suverenliyimizin bir daha təsbiti olduğunu vurğulayıb. Bunun ulu öndər Heydər Əliyevin siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam təmin edilməsi ilə mümkün olduğunu qeyd edib.
Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə bərpa və quruculuq işləri aparılaraq həmin ərazilər uğurla dirçəlir, Birinci vitse-prezident Mehriban xanım Əliyeva həyata keçirdiyi mühüm layihələrlə bu prosesə dəyərli töhfələr verir.
Minlərlə seçicinin, o cümlədən Böyük Qayıdış I Dövlət Proqramına uyğun olaraq öz doğma yurduna qayıdan vətəndaşlarımızın azad edilmiş torpaqlarda ilk dəfə səs verməsi böyük qürur və iftixar hissi doğurur.
Kollegiyada Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq Təqvim planının qəbul olunduğu diqqətə çatdırılaraq, bununla bağlı ədliyyə orqanlarının üzərinə qanunvericiliklə düşən vəzifələrin vaxtında, dürüst və mütəşəkkil icrasına dair tapşırıqlar verilib, tədbirlər müəyyən edilib.
İclasda həmçinin, ölkəmizdə qanunyaradıcı prosesin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, normativ hüquqi akt layihələrinin hazırlanması işinin elektron qaydaya – “kağızsız hökumət”ə keçidin sürətləndirilməsi məqsədilə dövlət başçısının Fərmanı ilə “Normativ hüquqi aktlar” informasiya sisteminin yaradılması ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Eyni zamanda ölkə başçısının rəqəmsal cəmiyyətin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq nazirlik tərəfindən innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi qeyd olunub, ədliyyə sahəsində xidmətlərə və informasiyaya əlçatanlığı asanlaşdıran “Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib.
Bildirilib ki, portal vasitəsilə vətəndaşlar fərdi kabinetə sahib olmaqla vahid mənbədə elektron ədliyyə xidmətlərindən bəhrələnə, ona aid məlumat və rəsmi sənədlərlə tanış ola biləcəklər. Portal həm də ictimaiyyət üçün açıq olan nazirliyin rəsmi internet saytını özündə ehtiva edir və ədliyyə sahəsində kommunikasiyanın səmərəli və operativ həyata keçirilməsi imkanı yaradır.
Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən nazirlik tərəfindən Dünya Bankının iştirakı ilə “Elektron məhkəmə” sisteminin yaradılaraq bütün ölkə üzrə tam tətbiqinə toxunulub, onun mühüm tərkib hissəsi olan məhkəmələrin vahid internet portalının yeni versiyası nümayiş etdirilib.
“Vahid məhkəmə portalı”nın məhkəmə sistemi ilə bağlı məlumatlarla tanış olmaq, iddia ərizəsi, şikayət və pretenziyalar vermək, dövlət rüsumlarını ödəmək və digər funksional imkanları xeyli təkmilləşdirilib. İstifadəçilərə keyfiyyətli hüquqi yardımla bağlı vəkil və mediasiya təşkilatlarını seçmək, onlara müraciət etmək, məhkəmə iclasında videokonfrans formatında iştirak etmək və digər yeni əlavə imkanlar yaradılıb, “Mobil məhkəmə” tətbiqinin interaktivliyi artırılıb.
Eyni zamanda ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlıqla mübarizədə mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı hazırlanmış yeni elektron xidmətin təqdimatı keçirilib. Onun bu sahədə şəffaflığın və operativliyin artırılmasında, istifadəçilər tərəfindən ekspertiza ilə bağlı məlumatların elektron və çevik qaydada əldə olunmasında önəmli rolu bildirilib. Həmçinin məhkəmə ekspertizası sahəsində yeni qanunvericiliyin tətbiqi ilə bağlı yaradılmış elektron reyestlər nümayiş etdirilib.
Kollegiyada təqdim olunan innovasiyaların tətbiqi ilə bağlı tapşırıqlar verilib, o cümlədən onların mühüm əhəmiyyəti nəzərə alınaraq ictimai təqdimatların keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Bununla yanaşı, işin müasir çağırışlara uyğun təşkili, idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə ədliyyə fəaliyyətini tənzimləyən müvafiq sənəd layihələrinə baxılıb. Həmçinin bəzi normativ aktlar təsdiq edilərək onların hüquqi aktların dövlət reyestrinə daxil edilməsi barədə qərar qəbul olunub, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI