Bakıda “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda konfrans keçirilib 

0

Prezident İlham Əliyev tərəfindən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Müasir müstəqil dövlətimizin banisi, Ümummilli Liderin 100 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir. 

Bu barədəTuranın səsi nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bu münasibətlə mayın 4-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Fairmont Baku” hotelində “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda geniş konfrans keçirilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ədliyyə Nazirliyinin rəhbər və məsul işçiləri, məhkəmə sədrləri, hakimliyə və ədliyyə qulluğuna namizədlər, ali təhsil müəssisələrinin və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, gənc ədliyyə işçiləri və könüllüləri, hüquqşünas tələbələr və media mənsubları iştirak ediblər.

Ümumilikdə 150-dək nümayəndənin qatıldığı tədbiri giriş nitqi ilə açan ədliyyə naziri iştirakçıları salamlayaraq Ulu Öndərin 100 illiyinə həsr olunan konfransın işinə uğurlar arzulayıb. Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Sonra nazir məhkəmə-hüquq islahatlarında Heydər Əliyevin siyasi iradəsinin təntənəsi barədə geniş məruzə ilə çıxış edib. 

Dahi rəhbərin tükənməz dövlətçilik irsindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edən nazir Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu konsepsiyasından danışaraq Ulu Öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızın, çoxsaylı mühüm qanun və məcəllələrin qəbulunu vurğulayıb, yeni üç pilləli məhkəmə sisteminin bərqərar edildiyini diqqətə çatdırıb. 

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin seçiminin şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə aparılaraq nəticədə hakim korpusunun 60 faiz yeniləndiyini bildirib. Ümummilli Liderin “Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu” – tarixi çıxışı xatırladılıb. 

Dahi şəxsiyyətin insanpərvərliyindən, humanistliyindən söz açan ədliyyə naziri ölkədə insan hüquqlarının etibarlı təminatı sahəsində mühüm addımların atıldığını, Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzasının ləğv edildiyini, əfv və amnistiya institutlarının geniş tətbiqini qeyd edib, Ulu Öndərin ədliyyə sisteminə qayğısından danışıb.

Diqqətə çatdırıb ki, dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə orqanlarının hərtərəfli inkişafı üzrə köklü islahatlar aparılıb. Nəticədə Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artıb və o, dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib.

Nazir dahi liderin təməlini qoyduğu məhkəmə-hüquq islahatlarının bu gün də uğurla davam etdiyini, Prezident İlham Əliyevin siyasi iradəsi ilə hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı üzrə ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.

Ötən dövrdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirildiyi, 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri və inzibati ədliyyə institutunun yaradıldığı, məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji – hi-tech bina və komplekslərin inşa olunub istifadəyə verildiyi, “Elektron məhkəmə” informasiya sisteminin geniş tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi qeyd olunub. Dövlət başçısının 3 aprel 2019-cu il tarixdə imzaladığı məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərmanının icrası üzrə tədbirlərə toxunulub.

Ədliyyə naziri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan doğma torpaqlarımızın azad edilməklə Ümummilli Liderin ən ümdə vəsiyyətinin və xalqımızın arzusunun reallığa çevrildiyini bildirib, dövlət başçısının rəhbərliyi ilə həmin ərazilərin sürətli bərpasını vurğulayıb. Ulu öndərin adını daşıyan və yarandığı gündən ölkənin sosial-iqtisadi inkişafına dəyərli töhfələr verən Heydər Əliyev Fondunun rəhbəri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm layihələrin reallaşdırılmasını xüsusi qeyd edib. Bildirib ki, torpaqlarımızın qısa müddətdə dirçəldilərək soydaşlarımızın doğma yurdlarına böyük qayıdışı ilə həmin bölgədə milli hüquq institutlarının da fəaliyyəti təmin ediləcək. 

Konfransda Ali Məhkəmənin sədri İnam Kərimov deyib ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görüldü. Yeni Konstitusiya, mütərəqqi qanunlar, həyata keçirilən təşkilati işlər nəticəsində ölkəmizdə yeni hüquqi dövlətin möhkəm əsası yaradıldı. Nəticədə qısa zaman ərzində yeni dövlət idarəetmə sistemi formalaşdı, yuxarı pilləsində Ali Məhkəmənin olduğu üçpilləli yeni məhkəmə sistemi təsis edildi. 

Bu gün Ulu Öndər Heydər Əliyevin məhkəmə sahəsində islahat siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhkəmə hakimiyyətinə öz töhfəsini verir. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi.

Bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqların aradan qaldırıldığını bildirən İnam Kərimov Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikasının dəyişdirildiyini, vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildiyini vurğulayıb. 

İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycanda Ombudsman institutunun yaradılmasında Heydər Əliyevin müstəsna rolundan danışıb. Bildirib ki, müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı olduqca vacib islahatların həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın müxtəlif inkişaf mərhələlərində bilavasitə Ulu Öndərin təşəbbüsü əsasında insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olmaq məqsədilə bir sıra strateji əhəmiyyətli sənədlər hazırlanıb və təsdiq edilərək icra olunub. Bu da Ombudsmanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiq edilməsinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına yönəlib. 

Hazırda Ombudsmanla Konstitusiya Məhkəməsi və digər məhkəmə orqanları, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası arasında mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələri hüquq və azadlıqların daha səmərəli təmini edilməsi və pozulmuş hüquqların bərpasında mühüm rol oynayır. 

“Ümummilli lider və vəkillik institutunun inkişafı” mövzusunda çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulub, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atılıb. İnsan hüquq və azadlıqlarını, onların müdafiəsini özünün ali məqsədi elan etmiş dövləti tam müstəqil vəkillik institutu olmadan təsəvvür etmək qeyri-mümkündür.

Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” mühüm Qanun qəbul olunaraq Azərbaycanın tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb. 

Sədr Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunub ki, bu da Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin hüquq elminin və təhsilinin inkişafında əvəzsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin təşəbbüsü ilə bugünkü müasir müstəqil dövlətimiz üçün azərbaycanlı tələbələrin müxtəlif ölkələrdə hüquq təhsili almağa göndərilməsini xatırladıb. 

Hüquq tədrisi sahəsində ən vacib məsələlərdən birinin təcrübi biliklərinin inkişaf etdirilməsi olduğunu söyləyən Zaur Əliyev bu sahədə Ədliyyə Nazirliyinin göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. 

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Səadət Bənənyarlı Heydər Əliyevin ölkədə vətəndaş cəmiyyətinin təşəkkülündə rolundan danışıb. Bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu daim diqqətdə saxlayıb. Ulu Öndərin dövlətçilik fəlsəfəsində ictimai təşkilatların fəaliyyətinə geniş meydan verməsi vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olub. O, mühüm qanunvericilik aktlarının qəbulunun, institusional təsisatların yaradılmasının bu sahənin inkişafına təkan verdiyini bildirib, hazırda dövlət idarəçiliyində ictimai iştirakçılığın həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının mühüm roluna toxunub.

Sonra tədbir müzakirələrlə davam edib, hakimlər, ədliyyə işçiləri, vətəndaş cəmiyyəti üzvləri, gənclər və digər natiqlər Ulu Öndərin çoxşaxəli irsindən bəhs ediblər. Həmçinin “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən görülən silsilə tədbirlər barədə məlumat verilib.

Ədliyyə naziri Fikrət Məmmədov konfransa yekun vuraraq xalqımızın milli sərvəti olan Heydər Əliyev irsinin, çoxşaxəli fəaliyyətinin indiki və gələcək nəsillər tərəfindən daim öyrəniləcəyinə əminliyini ifadə edib. Bildirib ki, Ulu Öndərin milli dövlətçiliyimizin bütün sahələrində yaratdığı möhkəm bünövrə hələ çox-çox illər xalqımıza xidmət edəcək, gələcək nəsillərimiz bu dahi şəxsiyyətin yaratdığı müstəqil dövlətimizdə qürurla yaşayacaqlar.

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir