Anım Günü ilə bağlı şəhidlərimizin xatirəsi Ədliyyə Nazirliyində ehtiramla yad edilib

0

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın şücaəti xalqımız tərəfindən daim yüksək qiymətləndirilir, şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq dövlət başçısı tərəfindən 27 sentyabr – Azərbaycanda Anım Günü təsis edilib.

Bununla bağlı Ədliyyə Nazirliyində və struktur qurumlarda anım tədbirləri keçirilib, nazirliyin rəhbərliyi və kollektivi tərəfindən II Fəxri xiyabanda Vətən müharibəsi qəhrəmanlarının, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun məzarı ziyarət olunaraq əklillər qoyulub, əziz xatirələri ehtiramla yad edilib. 

Bu ərəfədə ədliyyə naziri Fikrət Məmmədov respublikamızın bölgələrində olarkən Ermənistanın ölkəmizə son hərbi təxribatının qarşısını alarkən şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət edərək dərin hüznlə başsağlığı verib, qayğıları ilə maraqlanıb.

Nazirlikdə keçirilən anım tədbirində saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Ədliyyə naziri çıxış edərək ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizin qazanılmasında ordumuzun qəhrəmanlığından və şücaətindən bəhs edib, xalqımızın Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin ruhuna daim ehtiram göstərdiyini vurğulayıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu ölkə başçısı tərəfindən müasir çağırışlara uyğun həyata keçirilərək daim möhkəmlənən Silahlı Qüvvələrimiz Vətənimizin keşiyində ayıq-sayıqlıqla dayanaraq Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə alır. Bu gün dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə bərpa-quruculuq işləri aparılmaqla azad edilmiş ərazilərimiz dirçəlir, soydaşlarımız öz dədə-baba yurdlarına qayıdırlar.

Nazir Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin daim yüksək dövlət qayğısı ilə əhatə olunduğunu, sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər görüldüyünü bildirib, onlara həssas münasibət göstərilməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıb.

Anım Günü ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən şəhid ailələri və hazırda müalicə olunan düşmənin təxribatlarının qarşısını alarkən yaralanmış hərbçilərimiz ziyarət olunub, sovqatlar təqdim edilib, yerli ədliyyə orqanları tərəfindən onlara hüquqi xidmət göstərilib.

Tədbirlər çərçivəsində gənc əməkdaşlar və könüllülərlə şəhid ailəsi və müharibə veteranlarının iştirakı ilə görüş keçirilib, ənənəvi qanvermə aksiyası təşkil olunub.

Nazirliyin muzeylərində Böyük Qələbəmizə, şəhidlərimizin xatirəsinə həsr olunan ekspozisiyalarla tanışlıq olub, kinozalda filmlər, slaydlar nümayiş etdirilib, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib,  internet saytda, o cümlədən “Qarabağ Azərbaycandır” platformasında, sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir