Amnistiya aktı indiyədək 3 846 məhkuma tətbiq olunub – Rəsmi

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr tarixindən 7 yanvar tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3.846 məhkum barəsində tətbiq olunub.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Onlardan 1.799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1.764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrum etmə, 33 nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb.

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub.

Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2.992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.

Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir.

Amnistiya aktının icrası davam etdirilir.

Arzu Paşaqızı