Ədliyyə Nazirliyindən növbəti rəqəmsal yenilik: “ƏN TEZ” innovativ xidmət istifadəyə verilib
Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara uyğun olaraq davamlı islahatlar aparılmaqla uğurla inkişaf edir.
Bu barədə “Turanın səsi“ nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Doğma torpaqlarımız işğaldan azad edilərək sürətlə bərpa olunur, bu sahədə smart konsepsiyalar, rəqəmsal innovasiyalar tətbiq edilir.
Bütün sahələrdə vətəndaşlara xidmət sektorunun inkişafı, dövlət orqanlarına əlçatanlığının artırılması, şəffaflığın təmin edilməsi, eyni zamanda, xidmətlərdən vahid məkandan yararlanması üçün geniş imkanlar yaradılır. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərindən olan rəqəmsal cəmiyyətin inkişafı üzrə mühüm addımlar atılır.
Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlər, o cümlədən “ASAN xidmət”, DOST mərkəzləri kimi xidmət yerlərinin vətəndaş məmnunluğu doğuran səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Ədliyyə Nazirliyi tərəfindən növbəti rəqəmsal innovasiya olan və müxtəlif növ ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılıb. Ölkədə inklüziv cəmiyyətin inkişaf prioritetinə əsaslanaraq “ƏN TEZ” xidmətinin təqdimatı üçün ilk olaraq əhalinin daha həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzləri seçilib.
Yeni istifadəyə verilən “ƏN TEZ” xidmətinin bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının və Milli Qurtuluş Gününün 30-cu ildönümü ərəfəsində, iyunun 10-da 3 saylı Bakı DOST Mərkəzində geniş ictimai təqdimatı keçirilib.
Təqdimatda Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin rəhbərliyi və aidiyyəti məsul işçiləri, Sosial Tədqiqatlar Mərkəzinin, Azərbaycan Notariat Palatasının təmsilçiləri, vətəndaş cəmiyyəti institutları və media iştirak ediblər.
Tədbirin açılışında ədliyyə nazirinin müavini Eldar Nuriyev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dövlət xidmətlərinin rəqəmsal platformalarda və vahid məkandan şəffaf təşkili, bu xidmətlərə əlçatanlığın artırılması üçün ardıcıl işlər görülür. DOST mərkəzləri 154 növ sosial xidmətin bir “pəncərə”dən şəffaf və operativ şəkildə göstərilməsinə imkan verir. Bu mənada hazırda tətbiqinə başlanan “ƏN TEZ” xidməti də vətəndaş məmnunluğuna yönələn növbəti uğurlu addımdır.
Sonra “ƏN TEZ” xidməti rəmzi düyməyə basılmaqla istifadəyə verilib və iştirakçılar yeni xidmət modeli barədə məlumatlandırılıb.
Bildirilib ki, “ƏN TEZ” xidməti vətəndaşlara ədliyyə orqanlarına və məhkəmələrə video-zəng vasitəsi ilə operatora müraciət etməklə lazımi xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir. Bu zaman vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən bəhrələnə biləcəklər.
Smart konsepsiya əsasında fəaliyyət göstərən “ƏN TEZ” xidməti vətəndaşlara heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə, asan və rahat şəkildə istifadə etmək imkanı yaradır.
Dövlət xidmətlərinin göstərilməsində ilk dəfə belə bir innovativ yanaşmanın tətbiqi vətəndaş məmnunluğunu təmin etməklə, həmçinin əlavə infrastrukturların və digər resursların ayrılması zərurətini aradan qaldıraraq izafi xərclərin qarşısını almağa xidmət edir.
Yeni xidmətlərin bölgələrdə yaşayan, o cümlədən Böyük Qayıdış üzrə Milli Prioritetə uyğun olaraq azad edilmiş doğma torpaqlara qayıdan sakinlərin ədliyyə xidmətlərinə əlçatanlığının artırılması üçün də əlverişli və rahat imkanlar yaratdığı vurğulanıb.
Tədbir iştirakçıları “ƏN TEZ” xidmətin vətəndaşlara təqdim olunan imkanları barədə video-çarxlar izləyib, ədliyyə sahəsində növbəti rəqəmsal yeniliyi maraqla qarşılayıblar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI